AZƏRBAYCAN  

Rəsmi adı: Azərbaycan Respublikası
Paytaxt: Bakı
Dövlət dili: Azərbaycan dili
Din: İslam
Pul vahidi: 1 manat = 100 qəpik
İxracın əsas maddələri: neft və neft məhsulları
Ümumi daxili məhsul: 34578.7 (milyon manat, 2009-cu il)
Adambaşına düşən gəlirlər : 2537.2 (manat, 2009-cu il)
Milli domen: .az
Beynəlxalq telefon kodu: +994

Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir. Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsi, 38 və 42 dərəcə şimal en dairəsi coğrafi koordinatları arasında yerləşir. Bakı 40-cı paraleldə yerləşir. Azərbaycanın ümumi sərhədləri: cənubda İranla 765 km, Türkiyə ilə 15 km, şimalda Rusiya ilə 390 km, şimal-qərbdə Gürcüstanla 480 km, qərbdə Ermənistanla 1007 km. Sahil xəttinin uzunluğu 713 km–dir.

Azərbaycan Respublikasının əhalisi  9 milyon (15.01.2010-cu il) nəfərdir.

Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili statusuna malikdir. Azərbaycan dili dünyanın müxtəlif qitələrində yaşayan 30 milyondan çox azərbaycanlının ana dilidir.

Azərbaycanda islam dini ilə yanaşı, xristianlığın pravoslav, katolik və protestant konfessiyaları, həmçinin iudaizm məzhəbi də təmsil olunmuşdur.

Azərbaycan dövləti özünün konstitusiya xarakteristikalarına görə demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Unitarlığın xüsusiyyəti ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır. Hakimiyyət sistemi hakimiyyətin qanunverici, icra və məhkəmə qollarına bölünməsi prinsipi ilə tənzimlənir. Azərbaycanın siyasi sistemində yerli özünüidarə orqanları – bələdiyyələr müəyyən yer tutur. Azərbaycanın partiya–siyasi sistemi plüralizmlə səciyyələnir.

Azərbaycan aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:

- Birləşmiş Millətlər Təşkilatı (BMT),

- Müstəqil Dövlətlər Birliyi (MDB),

- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT),

- Avropa Şurası (AŞ),

- Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM,

- İslam Konfransı Təşkilatı (İKT),

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT),

- İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT).

Azərbaycan Avropa İttifaqı, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla əməkdaşlıq edir.