FAYDALI » VİZANIN ALINMASI  

Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri.

Anlayışı.
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.

Kateqoriyaları.
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.

Növləri.
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir: 
1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti 3 gündən 3 aya qədərdir.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.

- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 1 ildən 2 ilə qədərdir. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.

 Əgər viza bu müddətlər ərzində istifadə olunmazsa o, qüvvədən düşür. 

2. Bir və ya çoxdəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən tranzit keçmək üçün verilir. Tranzit vizası sahibinə Azərbaycan Respublikasında ən çoxu 5 gün qalmaq imkanı verir.  

Məqsədləri.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
- işgüzar məqsəd
- elmi məqsəd
- təhsil məqsədi
- əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi
- turizm məqsədi
- mədəni məqsəd
- idman məqsəd
- humanitar məqsəd
- şəxsi səfər məqsədi
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya  xidməti kateqoriyalı giriş vizası verilir.


Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!

 Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir.
 “Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsinə qadağa qoyula bilər
1) milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb  edirsə;
2) bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün zəruridirsə;
3) şəxs Azərbaycan Respublikasına əvvəlki gəlişi zamanı Azərbaycan Respublikası qanunlarının tələblərini pozmuşsa;
4) Azərbaycan Respublikasına kəlməsi haqqında vəsatət qaldırarkən şəxs özü haqqında yalan məlumat vermişsə;
5) ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş şəxsin Azərbaycan Respublikasına gəlməsi əhalinin sağlamlığı üçün təhlükə törədirsə (belə təhlükə törətməyən və öz hesablarına, ya da qanuni qəyyumlarının və ya nümayəndələrinin maddi himayəsi ilə müalicəyə gələn şəxslər istisna təşkil edir);
6) şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmışsa;
7) şəxsin Azərbaycan Respublikasına daxil olması arzuolunmaz hesab edilmişsə.

Bu zaman şəxsə viza verilməsindən imtina edilir. Bu imtina qərarı və onu doğuran səbəblər barədə viza verilməsi üçün müraciət etmiş şəxsə yazılı şəkildə bildirilir.
Viza verilməsi haqqında müraciət - ərizəyə baxılmasında süründürməçiliyə yol verilərsə və ya ərizəyə baxmaqdan imtina edilərsə, əcnəbilər bu barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Diqqət!  Viza verilməsindən imtina edildikdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən əvvəlcədən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport və digər sənədlərlə Azərbaycan Respublikasının sərhədini keçən əcnəbilər geri qaytarılırlar.
Eyni zamanda, ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı qaydada məsuliyyətə cəlb edilə bilərlər:
• Azərbaycan Respublikasında olma, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir;
• Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanmasına görə - on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olarsa -  bu əsas aradan qalxanadək;
2) onlar cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək;
3) onlar cinayət törətdiyinə görə məhkum olunublarsa — cəza çəkməkdən azad olunana, yaxud cəzanı tam çəkənədək;
4) məhkəmədə onlara qarşı mülki iddia verilibsə — müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək.

Vizanın verilməsi üçün tələb olunan sənədlər

- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

 

·        1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);

·        2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);

·        Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

·        Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

·        dövlət rüsumunun ödənilməsi haqqında qəbz:

          Xaricdə - Viza rəsmiləşdirilməsi üçün; Azərbaycan Respublikasında - Dəvət məktubu əsasında Azərbaycan Respublikasının diplomatik nümayəndəlik     və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən müvafiq göstərişin göndərilməsi üçün.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

·        1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);

·        2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);

·        Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

·        Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

·        Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Diqqət: Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qaldığı təqdirdə viza rəsmiləşdirilmir.

Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları

Mövcud qanunvericiliyimizin tələblərinə görə, (qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizin ərazisinə etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər. 
Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə ərizə-anketlə olduqları xarici ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər.
 
Vizasız (sadələşdirilmiş) gediş-gəliş rejimi tətbiq olunan ölkələrin siyahısını buradan əldə edə bilərsiniz.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bir qayda olaraq, yalnız “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 326 nömrəli 13 sentyabr 2010-cu il tarixli Fərmanında göstərilən hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq beynəlxalq hava limanlarında fəaliyyət göstərən viza şöbələrinə müraciət edə və viza əldə edə bilərlər:
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələrinə müraciət daxil olunduğu gündən ən geci bir ay keçənədək baxırlar. 

Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəmizə səfəri özünün təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunmalıdır və bu halda onların müraciətinə ən geci 48 saat keçənədək baxılır.

Müvəqqəti olma müddətinin uzadılması

- Azərbaycan Respublikasının ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusu məsələləri.

Ümumilikdə, Azərbaycan Respublikasında qalma müddətindən asılı olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin üç statusu fərqləndirilir: 

·   müvəqqəti olma statuslu şəxslər;

·   müvəqqəti yaşama statuslu şəxslər - qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti yaşama müddəti 1 ilədəkdir, yenidən sənədləşmə qaydasında 4 dəfədən çox olmamaq şərtilə uzadıla bilər.

·   daimi yaşama statuslu şəxslər - qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşama müddəti 5 ildir.

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizasında göstərilən ölkədə qalma müddəti – onların ölkəmizdə müvəqqəti olma müddətinə bərabərdir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddəti bitənədək bu müddəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  9 iyun 2009-cu il № 88 Qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları”nın tələblərinə uyğun olaraq, uzatmalı və ya ölkəni tərk etməlidirlər.

Diqqət! Hazırkı qanunvericilikdə viza müddətinin uzadılması anlayışı mövcud deyildir. Bunun əvəzində ölkədə müvəqqəti olma müddətinin uzadılması anlayışı tətbiq edilir. 

 

Azərbaycan Respublikası Prezidentinin “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərmanına uyğun olaraq, 2009-cu il 01 iyul tarixindən etibarən ölkəmizdə miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipi tətbiq edilir. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (http://www.migration.gov.az/) həyata keçirir. 

Yəni Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və belə icazə almış şəxslərin Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınması və s. bu kimi tədbirlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.  

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və vətəndaşlığı olmayan şəxslər şəxsi pasportunu (digər sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.

Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipi tətbiq edildiyi gündən (2009-cu il 01 iyul tarixindən) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.

Aşağıda göstərilən kateqoriya şəxslərin müvafiq ərizə-anket əsasında qeydiyyatı və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması onlara yeni viza rəsmiləşdirməklə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

-         xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin diplomatik xidmət heyətinə daxil olan əməkdaşları və onların ailə üzvləri;

-         xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri;

-         Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Müvafiq qeydiyyat üçün ərizə-anketin nümunəsini buradan əldə edə bilərsiniz.

Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.5-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında viza rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən dəvət məktubunun və müvafiq göstərişin göndərilməsi üçün – 2 manat məbləğində dövlət rüsumu alınır: 

Ödənilmə ünvanı.
Azərbaycan Beynəlxalq Bankının Sahil filialı, Ş.Qurbanov küçəsi 4.

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanunun müvafiq müddəalarına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı kateqoriya vizaların rəsmiləşdirilməsi üçün müvafiq məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizası üçün (3 gündən 3 ayadək müddətə) - 40 ABŞ dolları

ikidəfəlik giriş vizası üçün (3 gündən 3 ayadək müddətə) - 80 ABŞ dolları

çoxdəfəlik giriş vizası üçün (1 il müddətinə) - 250 ABŞ dolları

Turist (yalnız turist vauçeri və ya turist göndərişini
təqdim edənlərə şamil olunur) vizası üçün - 20 ABŞ dolları

adi tranzit vizası üçün - 20 ABŞ dolları

ikidəfəli tranzit vizası üçün - 40 ABŞ dolları

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

- Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.8-ci maddəsinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Başqa sözlə, ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilərkən qarşılılıq prinsipinə əsaslanaraq həmin şəxsin vətəndaşı olduğu dövlət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına viza rəsmiləşdirilməsi üçün tutulan məbləğdə dövlət rüsumu alınır.

Diqqət! Hazırda Azərbaycan Respublikasına giriş vizaların rəsmiləşdirilməsinə görə müvafiq ölkələrin vətəndaşlarından tutulan dövlət rüsumunun dərəcələri ilə buradan tanış ola bilərsiniz.  

Ödənilmə ünvanı.
Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrə. 

Aşağıdakı ünvanlarda viza rəsmiləşdirilərkən dövlət rüsumu nəğd ödənilir:
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsində;
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində.

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!


Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriya əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:
- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.

Aşağıdakı ölkələrin vətəndaşlarına müvafiq qaydada rüsumsuz viza rəsmiləşdirilir.

1. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əldə olunmuş razılığa əsasən, Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik Türkiyə vətəndaşlarına:
- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında rüsumsuz;
- Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında 10 ABŞ dolları məbləğində. 

2. Yaponiyanın ümumvətəndaş (adi) pasportuna malik vətəndaşlarına - 30 gün müddətinə rüsumsuz viza rəsmiləşdirilir.

3. Pakistan İslam Respublikasının ümumvətəndaş (adi) pasportuna malik vətəndaşlarına 15 gün müddətinə rüsumsuz viza rəsmiləşdirilir.

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələri rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası ərazisinə şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) gediş-gəliş qaydası müəyyənləşdirilə bilər.

Buna əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

I QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları;
- həmçinin belə şəxslərin onlarla birgə səfər edən, lakin şəxsi diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta malik olmayan ailə üzvləri - ər (arvad), oğul/qızları üçün (foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada müvafiq diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasporta qeyd edilməklə) vizasız gediş-gəlişi rejimi olan ölkələr.

II QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkədə müvəqqəti olma müddəti 90 (doxsan) günədək uzadılmış belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət bitənədək Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 30 (otuz) gün Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadıqdan sonra (yaxın qohumunun ağır xəstələndiyini və ya vəfat etdiyini təsdiq edən hallar istisna olmaqla) yenidən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələ bilərlər. 

Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir.

 

Mənbə: http://mfa.gov.az/